14169,30%0,02
42,85% 0,06
50,69% 0,07
6187,83% -0,07
9975,22% 0,00
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovaya
Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan
Qasımov Fazil Şakir oğlu tərəfindən
Vəsatət
Hörmətli hakim!
Bildirmək istəyirəm ki, mən 7 avqust 2023-cü ildə NATO ölkəsi olan Türkiyənin İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən oğurlanaraq özəl jetlə, qollarım qandallı şəkildə, 2 İŞİD terrorçusu ilə birlikdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gətirilmişəm. Hüquq müdafiəçilərim adam oğurluğunda istifadə olunan həmin təyyarənin uçuş icazəsini ləğv etdirmək üçün Beynəlxalq Mülki Aviasiya Təşkilatına, habelə BMT, ATƏT, NATO və Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib. Həmin təyyarə 7 avqust 2023-cü ildə səhər Bakıdan İstanbula hərəkət edib, günortadan sonra isə İstanbuldan Bakıya qayıdıb. Təyyarə təxminən saat 17:00-da Bakıya eniş edib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 144.2.3-cü maddəsinə əsasən, mütəşəkkil dəstə tərəfindən adam oğurluğu cinayətinə görə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Məni İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanında oğurlayanların dövlət qulluqçusu olması onları məsuliyyətdən azad etmir. BMCMİ-nin rəisi, general-mayor Əbülfət Rzayevin, öz xidməti otağında Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini, general-leytenant Seyfulla Əzimovun yanında mənə söylədiyinə görə, mənim Türkiyədən Azərbaycana gətirilməyimə Azərbaycan Prezidenti göstəriş verib. Oğurlanan şəxsin İstanbul Universitetinin doktorantı, UN GSP məzunu, YTB təqaüdçüsü, Avropa İttifaqı Erasmus proqramı təqaüdçüsü, Azərbaycan Gənclərinin Təhsil Fondunun ( AYEF ) ideya müəllifi, UNESCO kafedrası və Onkologiya Portalı təsisçisi olduğunu nəzərə alsaq, bu cinayət əməlinin bəşəriyyət üçün nə qədər zərərli və təhlükəli olduğu aydın olacaq. Təəssüflə bildirirəm ki, artıq Azərbaycan intellektual insanlar üçün dünyanın ən təhlükəli ölkələrindən birinə çevrilib. 87 il əvvəl Sovetlər İttifaqında, 85 il əvvəl Almaniyada intellektual insanlara qarşı aparılmış repressiyalar bu gün Azərbaycanda davam etdirilir. Siyasi iqtidarın intellektual azərbaycanlıları özünə təhlükə olaraq gördüyünə görə dərindən təəsüflənirəm. Xalqını aydınlıq sabahlara aparan iqtidar mənsubları intellektual soydaşları ilə düşmənçilik deyil, dostluq və əməkdaşlıq edər. Ona görə də, 15 avqust 2024-cü ildə Azərbaycan Prezidentinə ünvanladığım müraciətdə yazmışdım ki, mən Sizin və komandanızın Azərbaycan xalqını qaranlıq orta əsrlərə deyil, aydınlıq gələcəyə, müasir sivilizasiyalara doğru aparmağınızı arzu edir, bir-birimizə qisasçılıq duyğuları ilə deyil, insanpərvərlik prinsipləri ilə yanaşmağın və səylərimizi birləşdirməyin Azərbaycana fayda gətirəcəyinə inanıram. Ancaq, ölkəmizdə gündən-günə artan repressiyalar fonunda Azərbaycan xalqının aqibəti əksər intellektual azərbaycanlılar kimi məni də çox qayğılandırır. Qeyd edim ki, mənim dünyanın onlarla inkişaf etmiş ölkəsindən 100-dən çox müəllimim olub. Mən dünyanın inkişaf etmiş ölkələrinin liderləri ilə BMT-nin dayanıqlı inkişaf hədəflərinə xidmət edən, insanlığın yararına həyata keçirmək istədiyim qlobal humanitar təşəbbüslərimi müzakirə etmiş, onların dəstəyini qazanmışam. Ona görə də, COP29-a ev sahibliyi edən ölkədə BMT-nin “Ümumbəşəri İnsan hüquqları Bəyannaməsi”nə zidd olaraq, intellektual soydaşlarımıza, o cümlədən UN GSP məzununa qarşı repressiyalar aparılması təəccüb doğurur. Görünür, iqtidar mənsubları AYEF layihəsini Azərbaycanda siyasi inqilab etmək məqsədilə irəli sürdüyümə və Azərbaycan Prezidenti olmaq istədiyimə dair iddialara o qədər çox inanıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsindəki şərtləri qarşılamamağım üçün, təqsirim olmadığını bilə-bilə, nəyin bahasına olursa olsun, mənim ağır cinayət törətməkdən məhkum edilməyimi istəyir. Ancaq, onlar dövlətin gücündən belə çirkli məqsədlər üçün istifadə etməyin beynəlxalq hüquqa, ümumbəşəri dəyərlərə, etik prinsiplərə zidd olduğunu və ölkəmizin imicinə zərər verdiyini nəzərə almırlar.
Mən 2019-cu ildən etibarən Türkiyənin ən nüfuzlu universitetlərinin tibb fakültələrində təhsil alan istedadlı azərbaycanlı gənclərin sayının artmasına çalışmışam. Butəşəbbüsümə ilk olaraq mərhum millət vəkili Qənirə Paşayeva dəstək olmuşdu. Mən Türkiyədə yüzlərlə azərbaycanlı tibb tələbəsi oxutmaq istəyirdim. Gələcəkdə isə onlarla birlikdə Azərbaycanda və Türkiyədə sosial biznes modeli əsasında xəstəxanalar açmağı, BMT-nin yardım agentlikləri ilə birlikdə qlobal humanitar layihələr həyata keçirməyi planlaşdırırdım. Türkiyədə təhsil alan azərbaycanlı tibb tələbələrinin xərclərini qarşılamaq AYEF-i təsis etməyimin səbəblərindən biri idi. 2022-ci ildə açdığım Onkologiya Portalının məlumat bazasını da Türkiyədə təhsil alan azərbaycanlı tibb tələbələrinin dəstəyi ilə zənginləşdirdim. Bu layihə çərçivəsində, Bayraktar ailəsinin təsis etdiyi “Can Sağlığı” Vəqfi ilə əməkdaşlıq etmək üçün danışıqlar aparırdım. Ancaq, məni Türkiyədən oğurlatmaqla insanlığın xeyrinə gördüyüm işləri sabotaj etdilər. Bu layihələrim minlərlə insanın həyat standartlarının yüksəlməsinə, xəstələrin şəfa tapmasına, kömək edəcək, habelə Azərbaycan gəncləri üçün xaricdə təhsildə fürsət bərabərliyi və karyera imkanları yaradacaqdı. Ürək ağrısı ilə bildirirəm ki, iqtidar mənsubları siyasi ambissiyaları üçün intellektual soydaşlarımızı oğurlatmaq, həbs etmək, şərləmək, ləkələməklə Azərbaycanı qaranlığa qərq edir, xalqımızı isə müasir sivilizasiyalardan uzaqlaşdırır.
Qeyd edim ki, 31 iyul 2024-cü ildə BMCMİ-nin baş müstəntiqi Yusif Yusifov tərəfindən tərtib edilən və Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini Elçin Məmmədov tərəfindən təsdiq edilən ittiham aktında yazılıb ki, mən 7 avqust 2023-cü ildə Türkiyə Respublikasından Azərbaycan Respublikasına deportasiya olunduğumdan həmin tarixdə BMCMİ-nin əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılaraq istintaqa təqdim edilmişəm. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin prokuroru Məmmədov Namiq Nəriman oğlu tərəfindən 19 iyul 2024-cü ildə verilən qərarda isə yazılıb ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BMCMi-nin baş əməliyyat müvəkkili Əliyev Hatəm İsmayıl oğlu izahatında göstərib ki, 7 avqust 2023-cü il tarixdə Heydər Əliyev Beynəlxalq aeroportundan Baş İdarəyə məlumat daxil olmuş, həmin məlumat Baş İdarənin İstintaq İdarəsində istintaq edilən 231900516 nömrəli cinayət işi üzrə barəsində axtarış olan şəxsin saxlanılması üçün həmin gün saat 17:25-də polis əməkdaşları aeroporta getmiş, orada Fazil Qasımova yaxınlaşıb özlərini təqdim edib Baş İdarədə istintaq olunan cinayət işi üzrə ifadəsinin alınması üçün polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getməli olması barədə məlumat vermiş, o da heç bir etiraz etmədən Daxili İşlər Nazirliyi BMCMİ-nə getmişdir. Əməliyyat-axtarış tədbiri zamanı saxlanılarkən, Daxili İşlər Nazirliyi BMCMİ-nə aparılarkən, eləcə də Baş İdarədə olarkən Fazil Qasımova qarşı heç bir təzyiq, zorakılıq, qanunsuz hərəkətlər edilməmişdir. Daxili İşlər Nazirliyi BMCMİ-nin baş əməliyyat müvəkkili Əliyev Şamil Sultan oğlu da eyniməzmunlu izahat vermişdir. Bildirmək istəyirəm ki, həm bu izahatlarda, həm də müstəntiq Yusif Yusifov tərəfindən irəli sürülən ittiham aktında BMCMİ-nin əməkdaşları tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxlanılmağımla bağlı yazılanlar həqiqətdən uzaqdır. Onların yalanını üzə çıxarmaq üçün, mən 10 oktyabr 2024-cü ildə keçirilən məhkəmə iclasında, həmin şəxslərin xarici pasportlarının məhkəməyə təqdim olunmasına, habelə onların Azərbaycandan çıxış-giriş və Türkiyəyə giriş-çıxış tarixlərinin yoxlanılması üçün müvafiq olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Türkiyənin Azərbaycandakı səfirliyinə sorğu göndərilməsinə dair vəsatət verdim, ancaq təmin olunmadı. Ayrıca, onların şahid kimi məhkəməyə dəvət olunmasına dair yazılı vəsatət vermişəm.
Qeyd edim ki, mən Türkiyədən oğurlanmağımla bağlı NATO-nun baş katibi, Niderlandın sabiq baş naziri Mark Rutteyə müraciət ünvanladım. Mən iqtisad elmlər üzrə dünyanın ən aparıcı universitetlərindən biri olan Niderlandın Tilburq Universitetində Avropa İttifaqının Erasmus proqramı ilə təhsil almışam. İnanıram ki, cənab Rutte NATO ölkəsindən oğurlanmağımla bağlı müvafiq təhqiqatların aparılmasına göstəriş verəcək. Bu sadəcə mənim pozulan hüquqlarımın bərpası üçün deyil, həm də NATO ölkələrinin əhalisinin təhlükəsizliyi üçün vacibdir. Əgər NATO ölkəsindən adam oğurlayanlar cəzasız qalsa və oğurlanan şəxsin girovluqdan azad olunması üçün tədbir görülməsə, NATO-nun nüfuzu zərər görəcək. Ona görə də, mənim Türkiyədən oğurlanmağım NATO rəhbərliyini və NATO-ya üzv olan bütün ölkələrin liderlərini narahat etməlidir.
Türkiyədən oğurlanmağımla bağlı Azərbaycanda səfərdə olan BMT-nin baş katibinin birinci müavini Amina Mohammedə də müraciət ünvanladım. Amina Mohammedin Azərbaycana səfər etdiyini televiziya xəbərlərindən öyrəndiyimi düşünüb, 10 oktyabr 2024-cü ildə “Həbs edilmiş şəxslərin yaddaş kitabçası”nda dustaqlara tanınan hüquqlara zidd olaraq, mənim televiziya xəbərlərinə baxmağıma qadağa qoydular. Mən hal-hazırda informasiya blokadasında saxlanılıram. Televiziya xəbərlərinə baxmaq istədiyimə görə ölümlə hədənirəm, zorakılığa məruz qalıram. Azərbaycan Respublikası BMT-nin “İşgəncələrə qarşı Konvensiyası”na qoşulub. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanunu”nun ( 22 may 2012-ci il, N_352-IVQ ) 18.1-ci maddəsinə əsasən, həbs edilmiş şəxslərin məhkəməyə, ombudsmana, habelə BMT-nin insan hüquqlarının və azadlıqlarının müdafiəsi ilə məşğul olan qurumlarına təklif, ərizə və şikayətlər ünvanlamaq hüququ vardır. Mən 2020-ci ildə UN GSP məzunu olduğuma və 7 avqust 2023-cü ildə İstanbulda oğurlanıb Azərbaycana gətirildikdən sonra işgəncələrə, qeyri-insani, qəddar, ləyaqəti alçaldan rəftara məruz qaldığıma görə BMT-nin nümayəndələri ilə görüşmək üçün müraciət etmişəm. Həmçinin, NATO ölkələrinin liderlərindən girovluqdan azad olunmağım üçün köməklik etmələrini xahiş etmişəm. Nasist Almaniyasındakı repressiyalardan xilas olan alimlər dünya elminə böyük töhfələr vermişdir. Girovluqdan azad olunsam, mən də demokratik mühitdə iqtisad elminə böyük töhfələr verə bilərəm.
Hal-hazırda beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, mənə qarşı adam oğurluğu cinayəti törədən mütəşəkkil dəstənin sifarişi ilə hazırlanan qondarma ittiham aktı əsasında Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunuram. Barəmdə açılan cinayət işi üzrə BMCMİ-nin baş müstəntiqi Yusif Yusifov tərəfindən tərtib edilən ittiham aktında və cinayət işi materiallarında mənim Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ( mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə və satma ) üzrə cinayət törətdiyimə dair heç bir sübut yoxdur. Bununla belə, barəmdə həbs qətimkan tədbiri seçilməsinə dair ədalətsiz qərar qəbul edilib. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 290-cı maddəsinə əsasən, təqsiri olmadığını bilə-bilə şəxsi cinayət məsuliyyətinə cəlb etmək, 292-ci maddəsinə əsasən, tutmaq, həbsə almaq, həbsdə saxlamaq, 294-cü maddəsinə əsasən, sübutları saxtalaşdırmaq, 295-ci maddəsinə əsasən, ədalətsiz hökm, qətnamə, qərardad, qərar çıxarmaq cinayət əməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin ( CPM ) 14.5-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunsuz tutulmuş, yaxud həbsdə saxlanılan şəxsi dərhal azad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyatı olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.2-ci maddəsinə əsasən isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinəvə digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir.
Qeyd edim ki, təqsirləndirilən şəxs Əliyev Anar Şahismayıl oğluna yazdırılan ifadədə mənimlə bağlı iqtisadçı alim Qubad İbadoğluna aid olduğu iddia olunan sözlər sübut kimi istinad oluna bilməz. Çünki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana ( icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələr ) özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Ayrıca, Qubad İbadoğlu istintaqa verdiyi ifadədə Anar Əliyevi tanımadığını bildirib. Qubad İbadoğlunun tanımadığı bir şəxsin, ifadəsində Qubad İbadoğluna istinad etdiyi sözlər, şübhəsiz ki, həqiqətdən uzaqdır. Anar Əliyevin ifadəsindəki cümlələrlə 3 oktyabr 2023-cü ildə iradəmə zidd olaraq mənə yazdırılan ifadədəki cümlələr eyni şəxsə - müstəntiq Yusif Yusifova məxsusdur. Bu ifadələrin müvafiq olaraq Anar Əliyevə və mənə aid olub olmadığının, ifadələrdəki cümlələrin bizim təhsil səviyyəmizə uyğunluğunun müəyyən edilməsi üçün ekspertizaya ( dilçi ekspertə ) verilməsinə dair vəsatətim təmin edilmədi. İttiham aktında Qubad İbadoğlunun Türkiyədən Azərbaycana saxta pul gətirdiyi iddia olunduğuna görə, onun sonuncu dəfə ( 1 iyul 2023-cü il ) İstanbuldan Bakıya səfər edərkən üzərində və ya çantalarında saxta pul aşkar olunub olunmadığına dair Azərbaycan Dövlət Gömrük Xidmətinə sorğu göndərilməsi üçün verdiyim vəsatət, habelə Qubad İbadoğlunun şahid kimi məhkəməyə dəvət olunmasına dair vəsatətim təmin olunmadı. Anar Əliyevin ifadəsində mənim Qubad İbadoğlu və Anar Əliyevlə whatsapp proqramı vasitəsilə videogörüntülü danışdığımın iddia olunması isə müstəntiqin uğursuz uydurmasıdır. Çünki, mən Qubad İbadoğlu ilə heç vaxt videogörüntülü danışmamışam. Anar Əliyevlə isə tutulmadan əvvəl heç bir ünsiyyətim, tanışlığım olmayıb. Onunla ilk dəfə 16 fevral 2024-cü ildə Nərimanov Rayon Məhkəməsinin gözləmə kamerasında ünsiyyət saxlamışam. Qubad İbadoğlu və Anar Əliyevlə videogörüntülü danışmadığımı sübuta yetirmək üçün telefonumun məhkəməyə təqdim olunmasına dair vəsatət verdim, ancaq təmin olunmadı. Halbuki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəllləsinin 32.2.6-cı maddəsinə əsasən, məhkəmə cinayət prosesi tərəflərindən ( ittiham və müdafiə tərəflərindən) hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materiallardan əldə edilməsinə kömək göstərir. Ayrıca, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatını həyata keçirərkən, cinayət prosesində (cinayət təqibi üzrə həyata keçirilən prosessual hərəkətlərdə) tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək məhkəmələrin vəzifəsidir.
3 oktyabr 2023-cü ildə hədə-qorxu, işgəncə və psixotrop maddələrin təsiri altında vəkilimin ( müdafiəçimin) iştirakı olmadan müstəntiq Yusif Yusifov tərəfindən mənə yazdırılan ifadə və həmin ifadənin yer aldığı üzləşdirmə protokolu Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 4-cü bəndinə ( Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz), “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” nun 19.3-cü maddəsinə ( Müdafiəçidən imtina etməyən tutulmuş və ya həbs edilmiş şəxsin- müdafiəçinin iştirakı olmadan verdiyi etirafedici ifadələrə məhkəmə baxışı zamanı sübut kimi istinad edilə bilməz ), Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2.2-ci ( zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir ) və 125.2.7-ci ( İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və əşyaların sübut kimi qəbul edilməsinə yol verilmir) maddələrinə əsasən, sübut kimi istifadə oluna bilməz. Bununla belə, 10 oktyabr 2024-cü ildə məhkəmə sübut kimi yolverilməz olan həmin sənədlərin məhkəmə baxışından xaric edilməsi haqqında vəsatətimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323.5.2-ci maddəsinə zidd olaraq təmin etmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323.5-ci maddəsində hansı hallarda məhkəmənin vəsatətləri təmin etməli olduğu aydın şəkildə yazılıb;
1)Cinayət təqibi ilə bağlı bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədilə vəsatət qaldırıldıqda;
2)Sübut əhəmiyyəti mübahisə doğuran məlumat və sənədlər bu Məcəllənin və Azərbaycan Respublikasının digər qanunlarının tələblərinin əhəmiyyətli dərəcədə pozulması ilə əldə edildikdə.
Ayrıca, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323.3-cü maddəsinə əsasən, məhkəmə iclasında sədrlik edən məhkəmə istintaqının aparılmasından əvvəl cinayət prosesi tərəflərinin sübut kimi yolverilməz olan sənədlərin məhkəmə baxışından xaric edilməsi haqqında vəsatətlərinin olub olmamasını aydınlaşdırmalıdır. Ancaq, 231900516 nömrəli cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclasında sədrlik edən şəxs olaraq Siz bugünədək keçirilən 4 məhkəmə iclasında sübut kimi yolverilməz sənədlərin olub olmadığına dair cinayət prosesi tərəflərinə heç bir sual verməmişsiniz. Qanunu pozmaqla əldə edilmiş sübut kimi yolverilməz olan sənədlərin məhkəmə baxışından xaric edilməsi haqqında vəsatətimin təmin edilməməsi Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanunu”na ziddir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 323.5.1-ci maddəsinə zidd olaraq, ekspertizanın təyin edilməsi, əlavə şahidlərin çağırılması, maddi sübutların və sənədlərin tələb edilməsi haqqında vəsatətlərim də təmin edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323.6-cı maddəsinə əsasən, vəsatəti rədd edilmiş şəxs işin sonrakı baxışından asılı olaraq həmin vəsatəti təkrarən vermək hüququna malikdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323.1-ci maddəsinə zidd olaraq, vəsatətlərimin hamısını səsləndirməyimə imkan yaratmadan istintaqa başlamaq istəyir. Cinayət-Prosessual Məcəlləsinin 323.1-ci maddəsinə əsasən, məhkəmə istintaqına başlamazdan əvvəl məhkəmə iclasında sədrlik edən növbə ilə cinayət prosesi tərəflərindən hər birinin vəsatətlərinin olub olmamasını aydınlaşdırmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatını həyata keçirərkən, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq məhkəmələrin vəzifəsidir. Ayrıca, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323.7-ci maddəsinə əsasən, məhkəmə öz təşəbbüsü ilə şahidlərin məhkəmə iclasına çağırılması, ekspertizanın təyin edilməsi, başqa sübutların tələb edilməsi, habelə məhkəmə baxışından yolverilməz sənədlərin xaric edilməsi haqqında qərar çıxarmaq hüququna malikdir.
Təqsirim olmadığını bilə-bilə mənim cinayət məsuliyyətinə cəlb olunub tutulmağımla bağlı qərar verən müstəntiq Yusif Yusifovun mental sağlamlığının yoxlanılması üçün verdiyim vəsatət də təmin olunmadı. Halbuki, mental cəhətdən sağlam müstəntiq Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə ( Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir ), Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 85.2.13-cü ( Şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq müstəntiqin vəzifəsidir ) və 199.2-ci ( Prosessual hərəkətlərin gedişində hər hansı şəxsin həyatına aid məlumatlarını, habelə onun gizli saxlanılmasını, lazım bildiyi digər şəxsi xarakterli məlumatların lüzumsuz toplanılmasına, yayılmasına və onlardan istifadə edilməsinə yol verilmir ) maddələrinə zidd olaraq, məhkəmə zalında vəkilimin və məhkəmə katiblərinin yanında şəxsi həyata dair məlumatları yaymaz, 2013-cü ildə keçirilən Prezident seçkilərində namizəd olmuş tarixçi alim Cəmil Həsənlinin ailə üzvlərini ( qızını və nəvəsini ) təhqir etməz, Azərbaycan qadını barədə təhqiramiz, ədəbsiz sözlər söyləməzdi. Müstəntiq Yusif Yusifovun məhkəmə zalında şəxsi həyata dair məlumatları yaydığını sübut edən videoyazılar da mövcuddur. Professor Cəmil Həsənli mənim ideya müəllifi olduğum AYEF-in təsisçilərindən biri olduğuna görə, müstəntiq Yusif Yusifov onun ailə üzvləri barədə təhqiramiz sözlər deyərək mənə psixoloji təzyiq göstərməyə, həqiqətləri danışmaqdan çəkindirməyə çalışmışdır. O, bütün etirazlarıma rəğmən, həmin sözləri istintaq dövründə mütəmadi olaraq səsləndirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 222.5-ci maddəsinə əsasən, şəxsi həyatın toxunulmazlığının pozulması nəticəsində hər hansı şəxsə mənəvi və ya maddi ziyan vurulduqda həmin pozuntuya yol vermiş təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya hakim, habelə ibtidai araşdırma məlumatlarının yayılmasının yolverilməzliyi haqqında xəbərdar edilmiş hər bir şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyır. Mənim müstəntiq Yusif Yusifovun tərtib etdiyi ittiham aktı əsasında Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunmağım və müstəntiq Yusif Yusifovun şəxsi həyata dair məlumatları yaydığını sübut edən videoyazıların mövcud olması onun mental sağlamlığının yoxlanılmasına dair vəsatətimin təmin edilməsini, bu vəsatətim təmin edilməsə isə cinayət işinə xitam verilməsini şərtləndirir. Qeyd edim ki, 2024-cü ilin aprel, may, iyun aylarında məhkəmə zalında qeydə alınmış videoyazıların məhkəməyə təqdim olunmasına dair vəsatətim də təmin olunmadı. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.4.4-cü maddəsinə əsasən, cinayət mühakimə icraatını həyata keçirərkən, cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Ayrıca, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedura daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.
Bildirmək istəyirəm ki, artıq Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə ( Hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququ vardır ), “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 17.3-cü maddəsinə ( Tutulmuş və ya həbs edilmiş şəxslərin müdafiəçi və ya qanuni əsaslarla hüquqi yardım göstərən digər şəxslərlə yazışmaları istisna olmaqla, onların aldıqları və göndərdikləri digər yazışmalar...həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə məhdudlaşdırıla və ya senzuradan keçirilə bilər ), Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 19.1-ci ( Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir ), 91.5.8-ci ( Söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan təqsirləndirilən şəxsin müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq hüququ vardır ) və 92.9.5-ci ( Müdafiəçinin məhkəməyədək və ya məhkəmə icraatı zamanı cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar, habelə digər materiallar toplamaq və cinayət prosesini həyata keçirən orqana təqdim etmək hüququ vardır ) maddələrinə zidd olaraq, həm vəkillərimlə görüşməyimə maneçilik yaradılır, həm vəkillərimlə yazışmalarım məhdudlaşdırılır, həm də bütün sənədlərim senzuradan keçirilir. Ailə üzvlərimlə görüşlərdə də Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsi ilə təsbit edilən şəxsi həyatın toxunulmazlığı hüququm pozulur. Belə ki, iki aydan çoxdur ki, ailəmlə keçirdiyim görüşlərdə Penitensiar Xidmətin əməkdaşları yanımızda oturaraq bütün söhbətlərimizə qulaq asır. Telefonla danışıqlarıma da əsassız olaraq məhdudiyyətlər tətbiq edilir. 9 sentyabr 2024-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi üçün, aclıq etdiyimlə bağlı izahat yazıb vəkilimə verdiyimə görə zorakılığa məruz qaldım. Halbuki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanunu”nun 18.1-ci maddəsinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxslərin Avropa İnsan Hüquqları Məhkəməsinə, habelə İşgəncənin və qeyri-insani, qəddar, ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinə təklif, ərizə və şikayətlər ünvanlamaq hüququ vardır. Həmin qanunun 18.3-cü maddəsinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxslər təklif, ərizə və şikayətlər göndərdiklərinə görə hər hansı şəkildə təqib edilə bilməzlər. Belə təqiblərə yol vermiş şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 19 sentyabr 2024-cü ildə isə məhkəmə zalında vəkillərimə yazılı vəsatətimi vermək istədiyimə görə Penitensiar Xidmətin əməkdaşı tərəfindən zorakılığa məruz qaldım. Ayrıca, 10 oktyabr 2024-cü ildə məhkəmə iclasından 5 saat əvvəl ailəmlə telefonla danışmaq istədiyimə görə Penitensiar Xidmətin əməkdaşı Samir Əhmədov tərəfindən zorakılığa uğradım. 16 oktyabrda eyni səbəbdən Penitensiar Xidmətin əməkdaşları Yaqub Məmmədquliyev və Rövşən Məhərrəmov tərəfindən zorakılığa məruz qaldım. Mənə qarşı edilən qanunsuz hərəkətlərin dayandırılması üçün Penitensiar Xidmətin rəhbərliyinə yazı yazılmasına dair vəsatətim də təmin olunmadı. Hətta mənə qarşı qeyri-insani rəftarları ictimailəşdirdikdən sonra zorakılıqlar daha da artdı. 21 oktyabrda televiziya xəbərlərinə baxmaq istədiyimə görə zorakılığa məruz qaldım. Nəticədə, ürəyimdə ağrılar yarandı. 23 oktyabrda eyni səbəbdən başımı kəsməklə hədələdilər. 24 oktyabrda telefonla danışmaq istədiyimə görə yenidən zorakılığa məruz qaldım. Qeyd edim ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində prosessual hərəkətlərdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.3-cü maddəsinə əsasən, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları ( təhqiqatçı, müstəntiq, prokuror, zərər çəkmiş, şübhəli, təqsirləndirilən şəxs, müdafiəçi və s. ) Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Avropa İnsan Hüquqları Məhkəməsinə üzv olmaqla Azərbaycanın qoşulduğu “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası” da qeyri-insani, qəddar, ləyaqəti alçaldan rəftarı qadağan edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-cü maddəsinə əsasən, vəzifəli şəxs tərəfindən qeyri-insani, qəddar, ləyaqəti alçaldan rəftar, habelə Cinayət Məcəlləsinin 113-cü maddəsinə əsasən, tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə işgəncələr ( fiziki ağrılar və ya psixi iztirablar ) verilməsi cinayət əməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən, heç kəsə işgəncə və ya əzab verilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.5-ci ( Cinayət təqibi gedişində insanların həyat və səhhətinə və ya ətraf mühitə təhlükə yaradan üsul və vasitələrdən istifadə etmək qadağandır ), 12.6-cı ( Cinayət prosesini həyata keçirən orqanlar insanların həyat və səhhətinə, ətraf mühitə təhlükə yaradan halları gizlətməyə haqlı deyillər ), 13.1-ci ( Cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti üçün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır ), 15.2.1-ci ( Cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan o cümlədən dərman və tibb vasitələrindən istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək qadağandır ) və 15.2.3-cü ( Şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində iştirak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır ) maddələri cinayət prosesi gedişində insan həyatına və səhhətinə təhlükə yaradan üsul və vasitələrdən istifadəni qadağan edir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 27-ci maddəsinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxslər heç bir halda işgəncəyə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. Həmin qanunun 31.1.1.5-ci maddəsinə əsasən, tutulmuş və ya həbs edilmiş şəxsin üzərində müşahidə olunan hər hansı bədən xəsarətləri və onun həbs yerinə daxil olanadək məruz qaldığı hər hansı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar barədə şikayəti qeydə almaq həbs yerlərinin müdiriyyətinin vəzifəsidir. Qeyd edim ki, 19 avqust 2023-cü ildə BMCMİ-dən Bakı İstintaq Təcridxanasına ( BİT ) köçürüldükdən sonra bədənimdə işgəncə izləri aşkar edərək qeydiyyata alan BİT-in rəis müavini Ceyhun Hacıyev-habelə, Qubad İbadoğlu ilə üzləşdirmədə müstəntiq Yusif Yusifovun uydurma fikirlərinin yer aldığı ifadəni təsdiqləməkdən imtina etdiyimə görə məni nalayiq hərəkətlərə məruz qoymaqla hədələyən BİT-in rəisi, Ədliyyə polkovniki Elnur İsmayılovun şahid kimi məhkəməyə dəvət olunmalarına dair vəsatətlərim də təmin olunmadı. Ayrıca, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 121.4.3-cü maddəsinə əsasən, cinayət prosesi həyata keçirən orqan vəsatətə və ya xahişə əsasən, qəbul edilmiş qərarın surətini dərhal ərizəçiyə göndərməlidir. Bununla belə, 15 avqust 2024-cü ildə keçirilən məhkəmə iclası xaricində digər məhkəmə iclaslarında verdiyim vəsatətlər barədə qərarlar mənə göndərilməyib.
Mən bugün etibarilə 133 gündür ki, aclıq edirəm. Yenidən psixotrop maddələrlə zəhərlənmə təhlükəsi olduğuna görə başqa seçimim yoxdur. Yeri gəlmişkən, çayıma, yeməyimə qatılan psixotrop maddələrin izini itirmək məqsədilə 5 avqust 2024-cü ildə Penitensiar Xidmətin Müalicə Müəssisəsində rəhbərliyin göstərişi ilə təcili surətdə saçımı kəsən bərbərin şahid kimi məhkəməyə dəvət olunmasına dair vəsatətim də təmin olunmadı. Bərbərə deyilib ki, mən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə Dövlət Təhlükəsizlik Xidmətinin zirzəmisindən gətirilmişəm.
Məruz qaldığım kobud insan hüquqları pozuntuları ölkəmizdə geniş vüsət alan siyasi repressiyaların nəticəsidir. Bu repressiyalar ucbatından Azərbaycanın ən savadlı iqtisadçılarından biri, İstanbul Universiteti məzunu Fərid Mehralızadə, istedadlı araşdırmaçı jurnalist Hafiz Babalı, Harvard və MIT məzunu, neft mühəndisi Ramin İsayev, sabiq millət vəkili Nazim Bəydəmirli, Harvard məzunu Bəxtiyar Hacıyev, siyasi fəal, vicdanlı vətəndaş Tofiq Yaqublu, qələmini satmayan bir sıra peşəkar jurnalistlər də qanunsuz olaraq həbsdə saxlanılır. Bu repressiyalar nəticəsində şərlənərək həbs edilmiş dindar soydaşlarımız həbsxanada tez-tez rastıma çıxır. Hər gün ibadət edən və həyatlarını etik çizgidə yaşayan bu insanların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsi ( narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi) ilə şərlənməsi ölkəmizdə qanunun aliliyi problemi ilə bağlı dərin narahatlıq doğurur.
Ölkəmizdə repressiyalara məruz qalan digər bir qrup isə azərbaycanlı iş adamlarıdır. Mən 15 avqust 2024-cü ildə Azərbaycan Prezidentinə ünvanladığım müraciətdə Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinin 2-ci bəndindəki şərtləri yerinə yetirmədən, yəni azad sahibkarlığa dövlət təminatı verilmədən, iqtisadi münasibətlərdə inhisarçılıq ( monopoliya ) və haqsız rəqabətlə effektiv mübarizə aparılmadan dayanıqlı iqtisadi inkişafa nail olmağın qeyri-mümkün olduğunu qeyd etmişdim. Həmin müraciətdən 11 gün sonra – 26 avqustda Anti-inhisar və istehlak bazarlarına nəzarət üzrə Dövlət Agentliyinin yaradılmasına dair sərəncam verilməsi sevindirici olsa da, ölkəmizdə qanunun aliliyi təmin olunmadan bu qurumun məqsədlərinə çatması qeyri-mümkündür.
Mən Azərbaycanın mədəniyyət sahəsində ilk və tək UNESCO kafedrasının təsisçisiyəm. Bu səbəbdən, Azərbaycanda siyasi əxlaqın deqredasiya olmasına etiraz etməyi, habelə siyasi mədəniyyətin formalaşmasına və qanun aliliyinin təmin olmasına töhfə verməyi özümə mənəvi borc bilirəm.
Bu vəsatətdə qeyd etdiyim bütün nüansları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci maddəsinə əsaslanaraq, barəmdə açılan siyasi motivli cinayət işinə xitam verilməsini xahiş edirəm.
Hörmətlə: Fazil Qasımov
Tarix: 25.10.2024