14197,16%-0,23
42,80% 0,02
50,29% 0,26
6075,15% 1,74
9754,73% 1,17
Azərbaycan Respublikası Penitensiar Xidmətin
Bakı İstintaq Təcridxanasında saxlanılan
Qasımov Fazil Şakir oğlu tərəfindən
Müraciət
24 yanvar 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin həyətində mənə qarşı dəhşətli bir cinayət törətməyə, həyatıma qəsd etməyə cəhd edilmişdir. Ancaq mənim ayıqlığım sayəsində sui-qəsd planı baş tutmamışdır. Belə ki, 24 yanvarda iqtisadçı alim Qubad İbadoğlunun şahid qismində məhkəmə iclasına çağırılmasına dair vəsatətimizin rədd edilməsinə yazılı etiraz etmək üçün vəkilim Fuad Ağayevin xahişi ilə Mahirə Kərimovanın sədrliyində məhkəmə 20 dəqiqəlik fasilə elan elədi. Daha sonra mən ədliyyə kapitanı Ülvi Mustafayevin başçılığında Penitensiar Xidmətin əməkdaşları tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinin həyətinə çıxarıldım. Həyətdə saxlanılan vaz 2107 markalı maşının qarşısına bir stul qoyuldu və o stulda oturmağım tələb edildi. Qollarım qandallı idi. Stulda oturanda arxamda kamvoy maşını, sağ tərəfimdə isə vaz 2107 markalı maşın park edilmiş vəziyyətdə dayanmışdı. Mən ilk dəfə idi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin həyətində qeyri-xidməti maşın görürdüm. Ona görə də vaz 2107 markalı maşının orada park edilməsi mənə qəribə gəldi. Mən stulda oturub Penitensiar Xidmətin əməkdaşları ilə söhbət etməyə başladım. Mən onlara məhkəmə zalında təhlükəsizliyimdən narahatlığımı ifadə etdim. Buna səbəb həmin gün hakimin gözü qabağında 231900516 nömrəli cinayət işi üzrə təqsirləndirilən Anar Əliyev Şahismayıl oğlu tərəfindən vəkillərim Telman Qasımov və Fuad Ağayevin hədə-qorxulara və təhqirlərə məruz qalmaları, habelə Anar Əliyevin müttəhim kürsüsündə ədliyyə serjantı Hüseyn Hacızadənin yanında məni qanımı tökməklə və öz qanını mənim üstümə tökməklə hədələyərək həmin vəkillərdən imtina etməyimi tələb etməsi idi. Həmçinin, Anar Əliyev həmin gün Bakı İstintaq Təcridxanasında saxlanılan dustaqların yarısından çoxu ilə dostluq etdiyini və istənilən vaxt məni məhv edə biləcəyini bildirdi. Mən onun bu sözləri deməsi üçün Penitensiar Xidmətin Sədi adlı əməkdaşı tərəfindən təlimatlandırıldığını düşünürəm. Həmin əməkdaş məhkəmə iclasında hər dəfə qulluq mövqeyindən istifadə etməklə ədalət mühakiməsinin həyata keçirilməsinə mane olur. Baxmayaraq ki, onun bu əməli cinayət məsuliyyəti yaradır. Qeyd edim ki, mən daha öncə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılarkən dəfələrlə dəhşətli hədə-qorxulara məruz qalmışam. Belə ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəis müavini ədliyyə polkovnik-leytenantı Rövşən Mirzəxanlı 19 oktyabr 2024-cü ildə mənə demişdir ki, COP29 başa çatandan sonra sənin qanını içəcəyik. O 5 noyabr 2024-cü ildə isə mənə demişdir ki, çıxıb sənin ailənə bildirəcəyik ki, Fazil intihar edib. Mən bu hədə-qorxulara, habelə Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanıldığım 25 iyul-23 noyabr 2024-cü il tarixlərdə məruz qaldığım qeyri-insani, qəddar, ləyaqəti alçaldan rəftar və cəzalar barədə 5 dekabr 2024-cü ildə baş prokurora ünvanladığım ərizədə ətraflı şəkildə yazmışam.
24 yanvar 2025-ci ildə keçirilən məhkəmə iclasında Anar Əliyevin hakimlərin gözü qarşısında vəkillərimi, Penitensiar Xidmətin əməkdaşının yanında məni hədələməsi və buna məhkəmə tərəfindən adekvat reaksiya verilməməsi müdafiə hüququmun kobud pozuntusu, habelə vəkillərimə və mənə qarşı siyasi repressiya faktıdır. 9 yanvar 2025-ci ildə keçirilən məhkəmə iclası başa çatandan sonra vəkilim Fuad Ağayev tərəfindən məhkəmə zalında mənə verilən sənədlərin Bakı Ağır Cinayətlər Məhkəməsinin həyətində Penitensiar Xidmətin əməkdaşları tərəfindən əməliyyat axtarış fəaliyyəti haqqında qanunvericilik və həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikası Qanunu”nun 17.3-cü maddəsi pozularaq, qollarım qandallı ola-ola mənə qarşı zor tətbiq edilərək və sağlamlığıma ağır zərər vurularaq əlimdən alınması da müdafiə hüququmun, habelə təhlükəsiz yaşamaq hüququmun kobud və sistemli şəkildə pozulduğunun sübutudur.
24 yanvar 2025-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin həyətində stulda oturub Penitensiar Xidmətin əməkdaşları ilə söhbət edərkən təqribən 55-60 yaşlarında bir kişinin mənə baxa-baxa vaz 2107 markalı maşına doğru yaxınlaşdığını və maşının qapısını açıb sükan arxasına oturduğunu gördüm. Bu zaman potensial təhlükəni hiss etməyə başladım, ona görə də diqqətim o sürücüdə idi. Mən əvvəlcə onun maşından nəsə götürüb düşəcəyini zənn etdim. Ancaq o az sonra maşını işə saldı. Bu vaxt Penitensiar Xidmətin əməkdaşlarının tək-tək mənim yanımdan uzaqlaşdığını gördüm. Heç kim mənə maşının az sonra hərəkət edəcəyini və stuldan qalxmalı olduğumu söyləmədi. Yanımdakı sonuncu Penitensiar Xidmətin əməkdaşı çəkildikdən sonra mən də stuldan durub maşının qabağından kənara çəkildim. Sonra vaz 2107 markalı maşının sürücüsünə diqqətlə baxdım, onun da gözü məndə idi. O cinayət başında tutulmuş şəxs kimi mənə baxırdı. Bu vaxt Penitensiar Xidmətin əməkdaşları israrla mənim qayıdıb maşının qabağındakı stulda oturmağımı tələb etdilər. Mən isə onların cinayətkar niyyətini başa düşüb, qayıdıb stulda oturmadım və stulu maşının qabağından götürüb divarın yanına qoymalarını xahiş etdim. Bunlar sui-qəsd planının baş tutmadığına görə çox dilxor olmuşdular, həmçinin mənim sui-qəsd planını başa düşməyimdən çox narahat oldular. Bir dəqiqə keçmədən vaz 2107 markalı maşın hərəkət etdi və ordan ayrıldı. Dərhal sonra məhkəmə başlayır iddiası ilə məni məhkəmə zalına apardılar. Artıq mənə aydın olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin həyətinə çıxarılmağımın səbəbi sui-qəsd planıdır. Halbuki, onlar məni hava almaq bəhanəsi ilə həyətə çıxarmışdılar.
Azərbaycan Respublikası Konstitusiyasının 25.1-ci maddəsinə əsasən, hər kəs qanun və məhkəmə qarşısında bərabərdir. Mən 24 yanvar 2025-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində baş verənləri fikir və əqidəmə görə mənə qarşı törədilən sui-qəsd cəhdi hesab edir və təqsirkarların dərhal cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edirəm. Yaşamaq hüququmun real təhlükə altında olduğunu, habelə təhlükəsizliyim barədə çoxsaylı sübutların olduğunu, təqsirliliyim barəsində heç bir sübutun olmadığını nəzərə alıb mənim barəmdə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsini, dövlət ittihamçısı cinayət təqibindən imtina etmədiyi halda isə mənə elan edilən ittiham üzrə bəraət hökmü çıxarılmasını xahiş edirəm. Son olaraq mənə beynəlxalq qoruma statusunun verilməsini və təhlükəsiz yaşamaq hüququmun təmin olunacağı üçüncü ölkəyə yerləşdirilməyim üçün BMT-nin baş katibi hörmətli Antonio Quterreşdən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı hörmətli Volker Türkdən və BMT-nin Bakı ofisindən köməklik xahiş edirəm.
İmza: Qasımov Fazil Şakir oğlu
Tarix: 30.01.2025
https://www.youtube.com/live/ee_efgvL984?si=5H7UvJiamhXWRInA